CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəriqaz" binaların tüstü bacalarının təmizlənməsinin son tarixini açıqlayıb

İlkin Behbudovun sözlərinə görə, ölkə başçısının təsdiq etdiyi "Qaz təsərrüfatı haqqında" Qanuna və "Tüstü bacalarının istismarı haqqında" qaydalara əsasən, tüstü bacalarının təmizliyi iyulun 1-dək həyata keçirilməlidir
Sputnik
BAKI, 26 may — Sputnik. İyulun 1-dək Azərbaycanda mülkiyyət hüququndan asılı olmayaraq bütün binaların tüstü bacalarının təmizliyi həyata keçirilməlidir. Bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.
Onun sözlərinə görə, ölkə başçısının təsdiq etdiyi "Qaz təsərrüfatı haqqında" Qanuna və "Tüstü bacalarının istismarı haqqında" qaydalara əsasən, tüstü bacalarının təmizliyi iyulun 1-dək həyata keçirilməlidir: "Qarşıda bir ay vaxt var. Bu, qaydalara uyğun olaraq, qaz paylayıcı xidməti göstərən qurum tərəfindən noyabrın 1-dək yoxlanılmalıdır. Bu gün əhalinin, dövlət mənzil fondunun balansında olan binalar, dövlət orqanlarının fondunda və mənzil mülkiyyətçilərinin idarəetməsində olan binalar mövcuddur. Həmçinin, ümumi korporativ idarəetmədə olan binalar var. Bütün bu cür binaların sahibləri hər il iyulun 1-dək tüstü bacalarının təmizliyini həyata keçirməlidirlər və qaz paylayıcı tərəfindən həyata keçiriləcək yoxlamalara hazır olmalıdırlar. Çünki, bu, qış mövsümünə qədər çatdırılmasa, sonra bunu etmək mümkün olmayacaq".
İ.Behbudov qeyd edib ki, həmin qurumlar aidiyyəti podratçı təşkilatlara və ya bu sahə ilə məşğul olan müvafiq dövlət qurumlarına müraciət etməli, tüstü bacalarının mütləq şəkildə təmizlənməsi təşkil olunmalıdır.