BAKI, 23 may - Sputnik. "Türkiyə Azərbaycanla birgə nəqliyyat infrastrukturunu inkişaf etdirəcək”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində xalqa müraciəti zamanı bildirib.
Onun sözlərinə görə, Türkiyə Dəmir İpək Yolu kimi ifadə edilən dəmiryolu xəttini Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdirəcək:
"Bu gün sürətli qatardan Sivas xalqı yararlanır, bundan Ərzincan və Tokatdan olan sakinlərimiz də faydalanacaqlar. Yəni bu xətti Ərzincan, Ərzurum və Qarsa qədər uzadacağıq. İnşallah, oradan da Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə birləşdirəcəyik. Biz Dəmir İpək Yolu kimi ifadə edilən bu xətlə regionumuzda dünya miqyasında əhəmiyyət kəsb edən strateji nəfəs borusu açacağıq. Bütün bunları CHP sədri kimi Azərbaycanı sıradan çıxarmaqla yox, azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə edəcəyik. Necə ki, Qarabağı birlikdə azad etdik, Türkiyəni şərqlə qərb arasında enerji mərkəzi etdik. Biz də azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu inkişaf etdirəcəyik".
Kılıçdaroğlunun layihəsi əsəbləri korladı
Bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda əsas rəqibi olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun (KK) "Tarixi İpək Yolunun dirçəldilməsi" layihəsinə Azərbaycanın adının daxil edilməməsini biabırçılıq adlandırıb.
O qeyd edib ki, "İpək Yolu" xətti məsələsi yeni deyil: "Bu adam cahildir. CHP-nin bizə yaşatdığı rüsvayçılığı biz Qarabağ müharibəsində silsək də, bu adam yəqin ki, yenidən millətə utanc hissi yaşatmağa söz verib. Məhz bu səbəbdən də azərbaycanlı qardaşlarımızı görməzdən gəlir".
"Azərbaycanla Türkiyə arasında qurduğumuz qardaşlığı heç kim poza bilməz. Artıq "İpək dəmir yolu"nu da çəkmişik, amma sənin bundan da xəbərin yoxdur. Ağlına gələni deyərək pezidentliyə can atmaq olmaz", - deyə Ərdoğan əlavə edib.
Kılıçdaroğlu seçkiqabağı kampaniyasında "Tarixi İpək Yolunun dirçəldilməsi" layihəsini ictimaiyyətə təqdim edib. Azərbaycan həmin layihədən tam kənarda saxlanılıb. KK-nın xəritəsinə görə, Tarixi İpək Yolu hazırkı İran ərazisindən keçir. Cümhuriyyət Xalq Partiyası liderinin sözügedən layihəsi Azərbaycanda fəal ictimai-siyasi kəsimi xeyli təəccübləndirib.
Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, əgər Ərdoğan yenidən prezident seçilərsə, onun səfər edəcəyi ilk xarici ölkə Azərbaycan olacaq.
Türkiyədə seçkilər
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.