BAKI, 23 may — Sputnik. Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov "Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər" mövzusunda ilk beynəlxalq konfransda deyib.
O bildirib ki, agentlik tərəfindən həmin ərazidə 1 aydan çox minatəmizləmə fəaliyyəti həyata keçirilib.
"Təxminən 1,4 hektar ərazidən 121 ədəd mina aşkarlanaraq zərərsizləşdirilib. Onlardan 85 ədədi tank əleyhinə mina, 36-sı isə piyada əleyhinə minadır. Agentlik tərəfindən bundan sonra da aparılacaq qazıntı işlərinin təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti ərazilərin minalardan təmizlənməsi işləri davam etdiriləcək".
Qeyd edək ki, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisindən təxminən iki şəxsə aid olduğu ehtimal edilən qalıqlar tapılıb.