BAKI, 22 may — Sputnik. Rusiya ilə viza rejiminin tətbiq edilməsi, sərhədlərin bağlanması, uçuşlara qadağa kimi istənilən addım sanksiyadır və bütün bunlar Gürcüstanın Rusiya ilə münasibətlərinin gərginləşməsinə səbəb ola bilər.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. O, bildirib ki, Gürcüstanı Rusiyaya sanksiya tətbiq etməyə çağıranlar ölkənin təhlükəsizliyinə və iqtisadiyyatına zəmanət vermirlər:
"Bu məsələ bir neçə dəfə qaldırılıb və məsələ hər dəfə müzakirəyə çıxarılanda ictimaiyyətə cavab verilib. Nəhayət müxalifət də etiraf edib ki, Gürcüstan tərəfindən Rusiyaya sanksiyaların tətbiq edilməsi ölkənin maraqlarına cavab vermir".
Şalva Papuaşvili qeyd edib ki, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsinin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq mümkün deyil:
"Tətbiq edilən sanksiyalara cavab tədbirləri, qarşı tərəfin cavab sanksiyaları gözlənilir və bu, nəhayət bizim ölkəmizin təhlükəsizliyi və iqtisadi rifahını təhdid edir. Mən sizə xatırladıram ki, Rusiya ordusu paytaxtdan 30 kilometr məsafədə və ölkənin şərqi ilə qərbini əlaqələndirən magistral yoldan 500 metr məsafədə yerləşir. Əlavə olaraq, bilirsiniz ki, Rusiyanın işğal siyasətindən ilhaq siyasətinə keçməsi kimi böyük bir təhlükə də var", - parlament spikeri deyib.