BAKI, 22 may — Sputnik. Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıyır, bura Qarabağ da daxildir.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
O həmçinin, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyi məsələsinin Bakı ilə Xankəndi arasında müzakirə olunmalı olduğunu qeyd edib.
"Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 kvadrat kilometr ərazisini tanıyır", - Baş nazir mətbuat konfransında deyib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında sərhəd məsələlərində irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdiklərini bildirib. Onun sözlərinə gröə, həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəliblər.
"Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər", - deyən Mişel əlavə edib ki, sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.