BAKI, 22 may - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər.
Nauseda bildirib ki, Litva Azərbaycan və Ermənistan arasındakı münaqişənin diplomatik imkanlar çərçivəsində sülh yolu ilə davamlı və hərtərəfli həllinin tərəfdarıdır.
“Litva Azərbaycan və Ermənistan arasındakı münaqişənin diplomatik yolla, dinc və əhatəli həllinin tərəfdarıdır”, - o, deyib.
Nesuda həmçinin qeyd edib ki, Litva Avropa İttifaqının və Transaltantik müttəfiqlərinin bunun reallaşması üçün səylərini qətiyyətlə dəstəkləyir.
Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində deyib ki, sülh anlaşmasının imzalanması qaçılmazdır.
"Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarı ilə Qafqaza sülh gətirəcək, uzunmüddətli sülh gətirəcək", - dövlət başçısı qeyd edib.
"Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi, 1 milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdü, ərazilərimizin təxminən 20 faizi işğal altında idi və işğal edilmiş ərazilərdə demək olar bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır. Çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir", - Prezident İlham Əliyev söyləyib.
Litva prezidenti öz bəyanatında həmçinin deyib ki, iki ölkə arasında əməkdaşlıq baxımından əhəmiyyətli müzakirələrə start verilib:
“Təhsil və iqtisadi baxımdan əlaqələrimizi gücləndirmək qərarına gəldik. İlham Əliyevlə biz birgə Azərbaycan Biznes Forumunun açılışını edəcəyik. Bu çərçivədə iqtisadi sahədə yeni imkanlar yaranacaq. Eyni zamanda bu gün ətraf mühit, gənclər və prokurorluq sahəsində Azərbaycan və Litva arasında əməkdaşlıq sənədləri imzalandı. Bu ikitərəfli münasibətlərimizə təkan verəcək”.
G.Nauseda qeyd edib ki, Litva Azərbaycan və Ermənistan arasındakı münaqişənin diplomatik yolla, dinc və əhatəli həllinin tərəfdarıdır: “Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında dostluq bağları bizi gələcək illər üçün də birləşdirəcək”.