BAKI, 22 may — Sputnik. Bakıda "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfrans keçirilir.
Milli Məclisin sədri Sahibə Qafarova konfransda çıxış edərək deyib ki, Azərbaycanın geniş enerji mənbələri ölkəmizin Avropa enerji təhlükəsizliyində xüsusi rol oynacaq. Artıq bir neçə beynəlxalq tərəfdaşlarla birgə bu istiqamətdə müvafiq layihələr həyata keçirilir. Onun sözlərinə görə, yaşıl texnologiya ekoloji mühafizə tədbirləri istiqamətində yeni üfüqlər açacaq:
"Yaşıl iqtisadiyyata keçid bir sıra problemlərin həllinə atılmış addım deməkdir. Yaşıl iqtisadiyyat və ətraf mühitin təhlükəsizliyi qəbul edilən dövlət strategiyasının 5 mühüm prioritetlərdən biri kimi müəyyənləşib".
S.Qafarova əlavə edib ki, Azərbaycan tərəfindən mühüm nəqliyyat layihələri Azərbaycanı ən geniş nəqliyyat qovşaqlarından birinə çevirəcək.
Qeyd edək ki, konfrans ATƏT Parlament Assambleyası (PA) və Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə baş tutur.
Tədbirdə ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt, Milli Məclisin sədri Sahibə Qafarova, deputat və xarici rəsmi şəxslər iştirak edir.
Konfrans çərçivəsində "Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu" və "Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi" mövzusunda panel müzakirələri keçiriləcək.
Tədbirin rəsmi bağlanış mərasimi sabah Bakıda olacaq. Daha sonra konfrans iştirakçıları Zəngilan rayonunun Ağalı kəndinə yola düşəcəklər.