SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İmperator, kral və prezidentlərdən İlham Əliyevə məktub

Bir sıra ölkələrin prezidentləri, Yaponiya imperatoru, eləcə də Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.
Sputnik
BAKI, 20 may - Sputnik. Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri, əziz qardaşım!
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha çox tərəqqi və firavanlıq arzulayıram.
Dost xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrini gücləndirmək və inkişaf etdirmək üçün səylərimizi davam etdirməkdə maraqlı olduğumuzu Zati-alinizə bir daha ifadə edirəm.
Zati-aliləri, əziz qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
İraq prezidentindən
İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, İraq Respublikasının hökuməti və xalqı adından Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edib dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin dərinliyini ifadə edərək, Azərbaycan hökumətinə və xalqına firavanlıq və tərəqqi diləyirəm".
İndoneziya prezidentindən
İndoneziya Prezidenti Coko Vidodo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Zati-aliləri!
Mayın 28-də qeyd olunan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını İndoneziya Respublikası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Ümidvaram ki, xalqlarımız arasındakı mövcud dostluq əlaqələri daim inkişaf edərək müvafiq regionlarımızda sülhün və firavanlığın təşviqinə töhfə verəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Yaponiya imperatorundan
Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.
Sizə xoşbəxtlik və xalqınıza firavanlıq arzulayıram".
Almaniya prezidentindən
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu ilin fevral və mart aylarında Almaniyaya səfərləriniz ölkələrimiz arasında sıx dostluq münasibətlərini daha da gücləndirdi. Almaniya, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir.
Sizi əmin edə bilərəm ki, Almaniya bundan sonra da ölkənizin modernləşmə səylərində, demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində etibarlı tərəfdaş olacaqdır. Çiçəklənən, müasirləşən cəmiyyətin dinc və sabit mühitə ehtiyacı vardır. Buna görə də mən qəti şəkildə əminəm ki, Azərbaycan, eləcə də bütün bölgə regional münaqişələrin həllindən faydalanacaqdır. Biz Avropa İttifaqının üzvü kimi buna fəal töhfə vermək istəyirik.
Sizə və Azərbaycan xalqına ən xoş arzularımı ifadə edir, sülh, rifah və firavan gələcək diləyirəm".
Böyük Britaniya və Şimali İrlandiyanın Kralından
Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Kralın məktubunda deyilir:
"Zati-aliləri!
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Mən çətinliklərin yaşandığı indiki dövrdə ölkələrimiz arasında mehriban dostluğun və güclü tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğumu bildirmək istərdim".