SƏHİYYƏ

Xəstə olmayan uşaqlar təhsildən yayınır -Komitə sədri

Əhliman Əmiraslanov bildirib ki, bu məsələni ilk növbədə Elm və Təhsil Nazirliyi qaldırmalıdır.
Sputnik
BAKI, 19 may — Sputnik. "Xəstə olmayan uşaqların xəstə adı altında təhsildən yayınma halları olur".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. "Biz bu işə ciddi yanaşmalıyıq. Lakin təbii ki, ağır xəstə olan uşaqlar da məktəbə gedə bilməz. Məncə bu məsələni ilk növbədə Elm və Təhsil Nazirliyi qaldırmalıdır" - deyə o qeyd edib.
OKomitə sədri həmçinin bildirib ki, dərman vasitələri ilə bağlı xüsusi proqramın üzərində iş davam edir. Sənədin bir neçə maddələri üzrə görüşlərimiz olub.
"Səhiyyə komitəsində də bununla bağlı təkliflər daxil olub. Bizim komitəyə də təkliflər daxil olub. Biz o təklifləri Səhiyyə Nazirliyinə yönəldəcəyik ki, onlar da Nazirlər Kabineti ilə müzakirə etsinlər", - deyə o bildirib.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə komitə iclasında çıxışı zamanı bildirib ki, Azərbaycanda tibb təhsili alan tələbələrin rezidentura proqramının doktorantura səviyyəsi kimi qəbul edilməməsi ilə bağlı problem var. O qeyd edib ki, Azərbaycanda rezidentura təhsili alanlar məcbur olur ki, xaricə getsin çünki oradan alınan diplom 8-ci səviyyədə qəbul olunur.
“Tibb təhsilinin 7-ci kvalifikasiya səviyyəsi, rezidenturanın 8-ci kvalifikasiya səviyyəsinə daxil olması məqsədəuyğun olar. Bu məsələnin gündəmə gətirilməsi işin gedişatına müsbət təsir edə bilər”.