BAKI, 19 may — Sputnik. Beynəlxalq müqavilə hüquqi bazasının qalıqları yoxa çıxdığından bu gün silahlara nəzarət etməkdə yaranmış vəziyyət acınacaqlıdır.
Bu barədə cümə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O qeyd edib ki, baş verənlərə görə məsuliyyət tamamilə ABŞ-ın üzərinə düşür.
"Bu sahədə Moskva ilə Vaşinqton arasında ciddi təmaslar yoxdur. Bu sahədə beynəlxalq müqavilə-hüquqi bazanın son qalıqları ayağımızın altından sürüşür. Zaman daralır. Ona görə də burada vəziyyət acınacaqlıdır və bunun məsuliyyəti tamamilə Vaşinqtonun üzərinə düşür", - deyə Peskov ABŞ Konqresinə Strateji Hücum Silahları Müqaviləsindən çıxmaq layihəsinin təqdim olunmasını şərh edərkən söyləyib.
Peskov əlavə edib ki, silahlara nəzarət və sabitlik mövzusu hazırda bütün dünya üçün çox vacibdir.
Xatırladaq ki, ABŞ-ın Strateji Hücum Silahları Müqaviləsindən çıxması ilə bağlı layihə respublikaçı senatorlar tərəfindən təqdim edilib. Sənəddə, həmçinin nüvə qüvvələrinin gücləndirilməsi zərurətindən də bəhs edilir.
Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində iştirakını dayandırması faktını Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisdə çıxışı zamanı bəyan edib.