DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin XİN-i G7-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək planlarını pisləyib

Nazirlik qeyd edib ki, Moskva və Pekin arasında əməkdaşlıq heç bir tərəfə qarşı yönəlməyib.
Sputnik
BAKI, 19 may — Sputnik. Çin "Böyük yeddilik" ölkələrinin Rusiyaya qarşı birtərəfli sanksiyalarına qarşıdır, çünki onlar beynəlxalq hüquqa əsaslanmır.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin brifinq zamanı deyib.
"Çin həmişə beynəlxalq hüquqa əsaslanmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilməyən birtərəfli sanksiyalara qarşı çıxıb", - deyə diplomat bildirib.
Van Venbinin sözlərinə görə, Moskva və Pekin arasında əməkdaşlıq heç bir tərəfə qarşı yönəlməyib və üçüncü tərəflərin müdaxiləsi və məcburiyyəti ona təsir etmir.
G7 ölkələrinin rəhbərləri Yaponiyada keçiriləcək sammitdə "Rusiya silahlı qüvvələrini dəstəkləyən" ticarəti məhdudlaşdırmaq üçün Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırırlar.
Yaponiyanın Baş naziri Fumio Kişida isə G7-nin Ukraynadakı münaqişə ilə bağlı Rusiyaya qarşı sanksiyalar siyasətini davam etdirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezident Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.