İQTİSADİYYAT

Azərbaycanda tütün məmulatları, meyvə və ət ən çox bahalaşan məhsullardır - Qiymətlər

Ekspertlərin fikrincə, növbəti aylarda inflyasiyanın bir qədər aşağı düşəcəyi gözlənilir.
Sputnik
BAKI, 19 may — Sputnik. Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatları bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında ötən ilin müvafiq dövrünə nisbətən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 16,6 faiz qalxıb. Təkcə bu ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları əvvəlki aya nisbətən 0,3 faiz bahalaşıb.
Ən çox hansı məhsullar bahalaşıb?
Cari ilin aprel ayında əvvəlki aya nisbətən ən çox bahalaşma tütün məmulatlarında qeydə alınıb. Belə ki, keçən ay aylıq müayisədə tütün məmulatları 3,3 faiz bahalaşıb. Məsələn, həm yerli həm də idxal 1 qutu filtrli siqaretin orta aylıq pərakəndə satış qiyməti 10 qəpik artaraq müvafiq olaraq 2,34 manat və 3,14 manat olub.
İkinci ən çox bahalaşma meyvələrdə müşahidə edilib. Belə ki, ötən ay meyvələrin qiyməti 2,3 faiz yüksəlib. Məsələn, naringinin orta qiyməti 9,7 faiz qalxaraq 3,14 manat, portağalın orta qiyməti 13,5 faiz qalxaraq 2,68 manat, almanın orta qiyməti 2,7 faiz yüksələrək 1,90 manat olub.
Ət bahalaşıb
Üçüncü ən çox bahalaşma ət və ət məhsullarının qiymətində (1,4 faiz artım) qeydə alınıb. Məsələn, sümüklü mal ətinin orta qiyməti 1,7 faiz qalxaraq 13,77 manat, sümüksüz mal ətinin orta qiyməti 1,1 faiz yüksələrək 15,98 manat olub.
Bundan başqa, keçən ay mineral sular, sərinləşdirici içkilər və şirələr 0,6 faiz, spirtli içkilər 0,4 faiz, qənd, cem, bal, şokolad və konfetlər 0,3 faiz, çay, qəhvə, kakao 0,2 faiz, süd və süd məhsulları 0,1 faiz bahalaşıb.
Bəzi məhsullar isə ucuzlaşıb
Qeyd edək ki, aprel ayında bahalaşma ilə yanaşı, bəzi məhsulların qiyməti ucuzlaşıb. Ən çox ucuzlaşma yumurtanın qiymətində müşahidə edilib. Belə ki, toyuq yumurtasının 10 ədədinin orta qiyməti 2,8 faiz ucuzlaşaraq 2,01 manat olub.
Ötən ay tərəvəzlərin qiymətləri də 1,7 faiz aşağı düşüb. Məsələn, yerli kartofun orta qiyməti 1,2 faiz ucuzlaşaraq 1,56 manat, xiyarın orta qiyməti 27,4 faiz ucuzlaşaraq 2,67 manat olub.
Bundan başqa, keçən ay kərə və bitki yağları, balıq və balıq məhsulları 0,6 faiz, çörək, çörək məmulatları və yarmalar 0,5 faiz ucuzlaşıb.
İnflyasiyanın aşağı düşəcəyi proqnozlaşdırılır
Qeyd edək ki, Mərkəzi Bank bu il inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırır. Mərkəzi Bankın məlumatına əsasən, bununla belə qlobal və milli iqtisadiyyatda inflyasiya amillərilə bağlı yüksək qeyri-müəyyənliklər qalır. Nüfuzlu ekspertlərin fikrinə görə mövcud risklərin qaldığı şəraitdə baza inflyasiya ancaq 2025-ci ildə hədəfə qayıda bilər. Qlobal maliyyə sisteminin sabitliyi ilə bağlı risklərin artması da inflyasiya proseslərinə təsir edə bilər. Qeyd olunan amillər proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə şərait yaradır. 2023-cü ildə illik inflyasiyanın 8 faiz ətrafında olacağı proqnozu dəyişməz qalır.
Ekspertlərin fikrincə, növbəti aylarda inflyasiyanın bir qədər aşağı düşəcəyi gözlənilir.
Xatırladaq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlər aparır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycanda inflyasiyanın enməsi fonunda ən çox bahalaşan ərzaqlar hansılardır?