BAKI, 18 may — Sputnik. Ölkədə fəaliyyət göstərən müəssisələrinin hər birində psixoloji dəstəklə məşğul olan şəxslər olmalıdır.
Bunu "Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası" layihəsinin aralıq nəticələrinə dair təqdimat mərasimində Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, Səhiyyə komitəsi yaranandan və müstəqil fəaliyyətə başladığı ilk gündən əhalinin psixoloji sağlamlığı istiqamətində aparılan işlərin yetəri qədər olmadığı məlum olub:
"Psixoloji Sağlamlıq haqqında qanunu qəbul olunub və müvafiq tələblərə uyğun olaraq daim dəyişikliklər edirik. Biz bu qanunu hazırlayarkən məlum oldu ki, bu sahədə çalışan müəssisələrdə kifayət qədər kadr yoxdur, ciddi boşluqlar var".
Digər millət vəkili Musa Quliyev isə ehtiyatda olan hərbçilərin psixoloji reabilitasiyası ilə bağlı mərkəzlərin yaradılmasını təklif edib.
O bildirib ki, tərxis olunan hərbçilərin psixoloji reabilitasiyası ilə bağlı Müdafiə Nazirliyinin nəzdində mərkəzlərin yaradılması lazımdır: "Bu məsələ ilə bağlı Milli Məclis olaraq dəstək olmağa hazırıq".
(APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.