HADİSƏ

Şabranda 20 nəfər quduzluq xəstəliyi şübhəsi ilə nəzarətə götürülüb - Nə baş verir?

Rayonun Qorqan kəndində bir müddət öncə kənd sakininin təsərrüfatına yırtıcı heyvanlar hücum edib. Çaqqallar təsərrüfat sahibinə məxsus xırdabuynuzlu heyvanlara xəsarət yetirib.
Sputnik
BAKI, 17 may — Sputnik. Şabran rayonunda 20 nəfər quduzluq xəstəliyi şübhəsi ilə nəzarətə götürülüb.
Rayonun Qorqan kəndində bir müddət öncə kənd sakininin təsərrüfatına yırtıcı heyvanlar hücum edib. Çaqqallar təsərrüfat sahibinə məxsus xırdabuynuzlu heyvanlara xəsarət yetirib.
Təsərrüfat sahibi həmin heyvanların ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən kənd sakini onları kəsib və ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.
Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib.
Yırtıcıların xəsarət yetirdiyi heyvanlardan götürülən nümunələrdə quduzluq xəstəliyinin aşkar edilməsindən sonra çaqqalların xəsarət yetirdiyi heyvanın ətindən yeyən 20 nəfər xüsusi nəzarətə götürülüb. Təsərrüfat sahibi və həyat yoldaşına quduzluq əleyhinə iynə vurulub. Onlardan müvafiq analizlər götürülüb. (APA).