DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistana göndərilən 3 tona yaxın kokain İtaliyada saxlanıldı

Narkotiklər 78 ton banan arasında 12 metrlik bağlamalarda dondurulmuş vəziyyətdə olub.
Sputnik
BAKI, 16 may — Sputnik. İtaliyanın Maliyyə Qvardiyasının dəniz bölmələri Ekvadordan Ermənistana göndərilən 2734 kiloqramlıq kokainin rekord partiyasını aşkar edib.
Bu barədə İtaliyanın hüquq-mühafizə orqanının bəyanatında deyilir.
Qadağan olunmuş yük Kalabriyanın cənub bölgəsindəki Coya-Tauro şəhərinin limanında saxlanılıb. Narkotiklər 78 ton banan arasında 12 metrlik bağlamalarda dondurulmuş vəziyyətdə olub. Bu iki konteynerin Gürcüstanın Batumi limanı vasitəsilə Quayakildən (Ekvador) Ermənistana çatdırılması nəzərdə tutulmuşdu.
"Kokain Joel adlı köpəyin köməyi ilə birlikdə mürəkkəb skanerlər vasitəsilə aşkar edilib. Son dərəcə təmiz və ideal vəziyyətdə olan ələ keçirilmiş narkotik maddə narkotik satıcılarına 800 milyon avrodan çox gəlir gətirəcəkdi", - məlumatda bildirilir.
Qeyd edilir ki, narkotiklərin daşınması və sonradan məhv edilməsi üçün Finqvardiyanın 30-dan çox dəniz bölmələri cəlb olunub.
Ümumilikdə, 2021-ci ilin yanvar ayından etibarən Coya-Tauro limanında təxminən 37 tona yaxın kokain ələ keçirilib və müsadirə edilib.
Xatırladaq ki, aprelin ortalarında İtaliya Maliyyə Qvardiyası Siciliyanın şərqində dənizdə ümumi çəkisi təxminən iki ton ağırlığında böyük bir kokain partiyası aşkar edib. Narkotik bazarında tapılan kokainin ümumi dəyəri ən azı 400 milyon avro olacaqdı. Tapılan yük ölkə miqyasında rekord göstəricilərdən biri olub.