BAKI, 15 may — Sputnik. Rusiya aviaşirkətləri Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyinə bu ölkəyə uçuşa başlamaqla bağlı müraciət edib.
Bu barədə Rusiya Mülki Aviasiya Agentliyi məlumat yayıb.
"Bildiririk ki, bu gündən etibarən Mülki Aviasiya Agentliyinə bir neçə Rusiya aviaşirkətindən Gürcüstan və Rusiya arasında müntəzəm uçuşlara başlamaq xahişi ilə müraciət daxil olub", - deyə məlumatda bildirilir.
Bildirilib ki, Gürcüstan hökumətinə müraciət edən Rusiya aviaşirkətlərinin adları açıqlanmayıb.
Agentlik vurğulayıb ki, uçuşların başlanması ilə bağlı hər bir müraciətlə bağlı qərar konkret aviaşirkətin fəaliyyəti, beynəlxalq sanksiyalarla bağlı statusu ətraflı öyrənildikdən sonra veriləcək. Mülki Aviasiya Agentliyi aviaşirkətlərin hava parkını da ətraflı öyrənəcək.
Eyni zamanda, Mülki Aviasiya Agentliyi beynəlxalq sanksiyalara əməl edən, lakin eyni zamanda Rusiya Federasiyası ilə birbaşa uçuşlar həyata keçirən ölkələrlə məsləhətləşmələr aparır.
Mayın 10-da Rusiya prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Prezident başqa bir fərmanla 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağa qoyulmasını ləğv edib. Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya tərəfinin qəbul etdiyi qərarları təxribat adlandırıb, hökumət və hakim "Gürcü Arzusu Demokratik Gürcüstan" partiyası isə Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasına vizasız gediş-gəlişi və birbaşa uçuşların mümkünlüyünü alqışlayıb.
Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda, Gürcüstan 2012-ci ildən ruslar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları ölkəyə vizasız səfər edə və respublikada bir ilədək qala bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.