BAKI, 13 may— Sputnik. ABŞ ordusu İranın ticarət gəmilərini ələ keçirməsinin qarşısını almaq məqsədi ilə Fars körfəzində müdafiə mövqeyini gücləndirməyi hədəfləyib.
Türkiyə mediasının yaydığı xəbərə görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi jurnalistlər üçün keçirilən brifinq zamanı deyib. O qeyd edib ki, rəsmi Pentaqon bölgədə müdafiə mövqeyini gücləndirmək üçün bir sıra addımlar atacaq.
Qeyd edək ki, son iki il ərzində İranın beynəlxalq bayraqlarla üzən 15 ticarət gəmisinə hücum və ya onların naviqasiya sisteminə müdaxilə etdiyi açıqlanıb.
Xatırladaq ki, ötən ay İran komandoları Oman körfəzində beynəlxalq suları keçən və Küveytdən ABŞ-a neft daşıyan tanker gəmisinə helikopterlə basqın edib. İran donanması tərəfindən ələ keçirilən Marşal adaları bayraqlı gəminin kapitanı idarəetməni itirməmişdən əvvəl kömək istəyib.