BAKI, 13 may — Sputnik. ABŞ-ın köməyinə baxmayaraq, Kiyev Ukrayna münaqişəsində məğlub ola bilər.
Prezident Ronald Reyqanın keçmiş xüsusi köməkçisi Duq Bendou bu barədə "The American Conservative" (TAC) üçün məqaləsində yazıb.
O, hesab edir ki, Ukraynanın qələbəsi onun müttəfiqlərinin işçi qüvvəsi və silah ehtiyatlarının olmaması səbəbindən mümkün deyil. Bendou, eyni zamanda, vurğulayıb ki, Vaşinqtonun Kiyevə dəstəyi bu ölkəni münaqişədə tükəndirəcək, çünki Rusiya daha çox resurs və atəş gücünə malikdir.
"ABŞ təkid edir ki, Ukrayna hərbi əməliyyatlarda nə qədər iştirak etmək istədiyinə özü qərar verməlidir. Lakin Amerika tərəfi Kiyevi həvəsləndirə və ona boş yerə döyüşmək hüququ verə bilməz", - deyə müəllif sözünə davam edib.
Bendou əmindir ki, münaqişənin uzadılması onun genişlənməsinə və eskalasiyasına gətirib çıxara bilər. Bu amillər ABŞ-ı da buna cəlb edə bilər. Bunu həm Kiyev, həm də Şərqi Avropa ölkələri istəyir. Bununla belə, Vaşinqton böhranın iştirakçısına çevrilməməlidir, çünki Ukrayna ABŞ-ın təhlükəsizliyi üçün çox az əhəmiyyət kəsb edir", - deyə o, sözünü yekunlaşdırıb.
ABŞ və Qərb ölkələri Ukraynaya sursat, artilleriya mərmiləri, hərbi texnika və digər silahlar göndərməklə ona yardım edirlər. Rusiya isə bu cür tədarüklərə qarşıdır. Kreml hesab edir ki, bu cür hərbi yardım Kiyevə kömək etməyəcək, əksinə, mövcud münaqişəni daha da gərginləşdirəcək.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya ilə ABŞ arasında münasibətlərin hazırda açıq hərbi münaqişə ərəfəsində olduğunu bildirmişdi.