BAKI, 12 may - Sputnik. Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilmişdir.
Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunur.
Xatırladaq ki, gün ərzində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub.
"Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur", - deyə nazirliyin məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.