İQTİSADİYYAT

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır

Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalının yuxarı həddi 500 min ABŞ dolları müəyyən edilib.
Sputnik
BAKI, 12 may-Sputnik. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi məsələsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Milli Məclisin deputatı Məşhur Məmmədov parlamentin iclasında bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalının yuxarı həddi 500 min ABŞ dolları müəyyən edilib. Sazişə əsasən, baş ofis Daşkənddə, nümayəndəlik isə Bakıda olacaq.
Fondun nizamnamə kapitalında Azərbaycanın payı 75%, Özbəkistanın payı isə 25%-dir. Fondun Azərbaycan və Özbəkistan, eləcə də üçüncü ölkələrdə investisiya qoyması nəzərdə tutulub.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.