BAKI, 11 may — Sputnik. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Londonun "Storm Shadow" uzaqmənzilli qanadlı raketlərini Kiyevə ötürdüyünü təsdiqləyib.
"Baş nazir və mən daha uzun mənzilli silahların verilməsi barədə qərar qəbul etdik. Bu gün mən Böyük Britaniyanın "Storm Shadow" raketlərini Ukraynaya ötürdüyünü təsdiq edə bilərəm", - o, İcmalar Palatasında Ukrayna ilə bağlı danışarkən deyib.
Daha əvvəl CNN Qərb rəsmilərinə istinadən xəbər vermişdi ki, Britaniya "Storm Shadow" uzaqmənzilli qanadlı raketləri Ukraynaya təhvil verib, London isə Kiyevdən onların Rusiya Federasiyasındakı hədəflərə qarşı istifadə olunmayacağına dair zəmanət alıb. Rusiya Londondan Kiyevə qanadlı raketlərin tədarükünə son dərəcə mənfi yanaşır və adekvat cavab veriləcəyini açıqlayıb. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, bunun üçün rusiyalı hərbçilər tərəfindən adekvat cavab tədbirləri görüləcək.
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır". Kreml bəyan edib ki, Ukraynaya Qərbdən silahların göndərilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir. Rusiya xarici işlər naziri Sergey Lavrov həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edir.