RUSİYA

Moskvada mühüm görüş: Dörd ölkənin XİN rəhbəri bir araya gəldi

Lavrov, Abdullahiyan, Mikdad və Çavuşoğlu münasibətləri normallaşdırmaq və Dəməşq və Ankara arasında ziddiyyətləri aradan qaldırmaq cəhdləri fonunda görüşür.
Sputnik
BAKI, 10 may — Sputnik. Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Suriya və Türkiyənin XİN rəhbərləri Feysəl Mikdad və Mövlud Çavuşoğlu arasında görüş keçirilir.
Lavrov, Abdullahiyan, Mikdad və Çavuşoğlu münasibətləri normallaşdırmaq və Dəməşqlə Ankara arasında ziddiyyətləri aradan qaldırmaq cəhdləri fonunda görüşür. Ölkələr Suriya böhranının həlli üçün "Astana" prosesinin iştirakçılarıdır.
Həmçinin aprelin sonunda Moskvada dörd ölkənin müdafiə nazirləri arasında danışıqlar aparılıb. Daha sonra Suriya Müdafiə Nazirliyi bəyan edib ki, görüş zamanı Türkiyə qoşunlarının ölkə ərazisindən çıxarılması məsələsi müzakirə olunub. Türkiyə Müdafiə Nazirliyindən RİA Novosti-yə verilən məlumata görə, tərəflər Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması üçün Moskvanın konkret addımlarını müzakirə ediblər.
Dekabr ayında Rusiya Türkiyə və Suriya müdafiə nazirləri arasında son 11 ildə ilk danışıqlara ev sahibliyi edib. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. Bu münaqişədən əvvəl Dəməşqlə sıx əlaqələr saxlayan Türkiyə Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarının tərəfini tutub. O vaxtdan bəri Türkiyənin Suriya ilə münasibətləri gərgin olaraq qalır. Lakin son vaxtlar hər iki tərəf, eləcə də bəzi KİV-lər tədricən normallaşmanın mümkünlüyündən danışırlar.