BAKI, 10 may — Sputnik. ABŞ Rakka şəhərinin ətrafında İŞİD* terrorçularının iştirak edəcəyi "Azad Suriya Ordusu"nun yaradılmasına başlayıb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya, İran və Türkiyədən olan həmkarları ilə görüşündə deyib.
"Məqsəd aydındır - ölkədə sabitliyi pozmaq üçün bu döyüşçülərdən Suriyanın qanuni hakimiyyətinə qarşı istifadə etməkdir", - deyə Lavrov deyib.
Rusiya Xarici İşlər naziri onu da vurğulayıb ki, amerikalılar yeni silahlı birləşməyə bir sıra digər terror təşkilatlarının nümayəndələrini də daxil etmək niyyətindədirlər. Onlar onu Rakka şəhərinin ətrafında yaratmağa başlayıblar. Lakin o xatırladıb ki, müdafiə nazirləri artıq "bu istiqamətdə birgə fəaliyyət sxemi haqqında" razılığa gəliblər.
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Ərəb Dövlətləri Liqasının Suriyanın təşkilata qaytarılması qərarını dəstəkləyir. Diplomat bu addımın Yaxın Şərqdə gərginliyin azaldılmasına və Suriya böhranının nəticələrinin aradan qaldırılmasına kömək edəcəyinə inandığını ifadə edib.
* Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatı