BAKI, 10 may — Sputnik. "Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib".
Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində deyib.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib: "Məhz o illərdə bu gün "Orta Dəhliz" dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi".
O bildirib ki, Heydər Əliyev neft strategiyası bu gün imkan verir ki, biz inkişaf edək, imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq.
"1994-cü ildə "Əsrin kontraktı", 1996-cı ildə "Şahdəniz" qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir", - deyən dövlətimizin başçısı əlavə edib ki, bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür.
Prezident qeyd edib ki, 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin kontraktı" növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir.
Dövlətimizin başçısı deyib ki, Azərbaycan dövləti "Əsrin kontraktı"nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün "Əsrin kontraktı"nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır.