BAKI, 9 may - Sputnik. Rusiya və Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirəcək. Bu barədə Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko 9 may - Qələbə günü ilə əlaqədar Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya təbrik teleqramında yazıb.
“Əminəm ki, xalqları Böyük Vətən Müharibəsinin ağır sınaqlarından keçmiş Rusiya ilə Azərbaycan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrini bundan sonra da möhkəmləndirəcəyik”, - deyə teleqramda bildirilir.
Matviyenko əlavə edib ki, ümumi tarixi yaddaş gənclərin tərbiyəsi üçün “möhkəm təməl”, “keçmişimizi saxtalaşdırmaq və həlak olmuş qəhrəmanların adlarını ləkələmək üçün keçilməz maneədir”.
“Biz bu qələbənin nəyin bahasına əldə edildiyini bilirik və azərbaycanlıların hərbi və əmək şücaətlərini müqəddəs şəkildə şərəfləndiririk. Bu gün bizim borcumuz azadlıq və müstəqillik uğrunda qəhrəmancasına mübarizə aparan sovet xalqının şücaəti və fədakarlığı haqqında həqiqəti qorumaqdır”, - Rusiya Federasiyası Federasiya Şurasının sədri vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.