BAKI, 8 may — Sputnik. Vəzifəsinin icrası zamanı hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Namiq Babayevin son durumu açıqlanıb. Kliniki Tibbi Mərkəzdən bildirib ki, N.Babayev alt çənə sümüyünün ikitərəfli sınığı diaqnozu ilə tibb müəssisəsinin üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.
Qeyd olunub ki, onun əməliyyatı uğurla icra olunub. Hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir.
Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qazinin çənəsini sındıran döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı Rəvan Nəbizadə 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumat üçün bildirək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb. ("Report")