BAKI, 7 may — Sputnik. Kinoteatrlarda yayımlanan filmlər zaman-zaman tənqid hədəfinə tuş gəlir. Bu dəfə isə sözügedən incəsənət müəssələri Xalq artisti, kinorejissor Oqtay Mirqasımovun tənqid hədəfi olub. Belə ki, bu yaxınlarda Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər" mövzusunda Kino forumunda çıxış edən Xalq artisti, kinorejissor, ssenari müəllifi Oqtay Mirqasımov təəssüf hissi ilə qeyd edib ki, ölkədəki kinoteatrlarda, o cümlədən Nizami Kino mərkəzində xalqın zövqünü xarab edən bayağı, primitiv filmlər nümayiş olunur.
Bəs görəsən, kinoteatrlarda filmlər nümayiş olunarkən nələrə diqqət edilməlidir? Ümumiyyətlə, hər hansısa bir rejissor və ya prodüser filmi kinoteatra təqdim edən zaman onun qarşısına hansı tələblər qoyulur?
"O2 Media" şirkətinin direktoru, tanınmış kinoprodüser, rejissor, ssenarist Orxan Mərdanla bu suallara cavab tapmağa çalışdıq.
"Düşünürəm ki, Oqtay müəllim kinoteatrda yayımlanan filmlərə baxmayıb. Razıyam, filmlərdə xətalar çoxdur. Amma bunu bütün filmlərə şamil etmək olmaz. Kaş Oqatay Mirqasımov və onun dövrünün sənətkarları elə edərdilər ki, bu sahədə boşluq yaranmazdı. Onların təklif etdiyi istiqamətə öyrəşərdi, izləyici zövqü formalaşardı. Biz estafeti götürəndə - hansı ki, heç bir estafet də yox idi - mövcud vəziyyətlə dünya tendensiyası ilə ayaqlaşmağa çalışmışıq", - deyə prodüser sualımızı cavablandırıb.
Orxan Mərdanın fikrincə, kinoteatrlarda yayımlanan filmlərə senzura, qadağa qoyulsa, bu, kino sənətinin inkişafına mane olacaq:
Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova isə məsələ ilə bağlı bildirib ki, Oqtay Mirqasımov kinoteatrları deyil, rejissorları tənqid etsə, daha yaxşı olar.
"Film bizə çatana qədər müəyyən baxışlardan keçir. Biz filmə cavabdeh deyilik. Təbii ki, biz də əvvəlcə baxış keçirirk. Orada aqressiya varsa, milli, dini, siyasi məsələlər varsa, çalışırıq onları yayımlamayaq. Oqtay Mirqasımov Nizami kinoteatrın adını çəkib, çünki, ancaq bizə gəlib. Amma bizdə yayımlanan filmlər digər kinoteatrlarda da yayımlanır", - deyə mətbuat katibi bildirib.