BAKI, 7 may - Sputnik. ABŞ-ın Texas ştatının Allen şəhərində yerləşən ticarət mərkəzinin yaxınlığında baş verən silahlı insident nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
Şəhər yanğınsöndürmə xidmətinin rəisi Conatan Boyd jurnalistlərə yeddi nəfərin hadisə yerində, iki nəfərin isə xəstəxanaya aparılarkən yolda öldüyünü bildirib. Daha 7 nəfər güllə yarası alıb, onlardan üçünün vəziyyəti ağır, dördünün vəziyyəti stabildir.
Hadisə şahidlərinin sözlərinə görə, atəş açan şəxs sadəcə, səki ilə addımlayaraq ticarət mərkəzinə tapançadan atəş açıb.
Allen Polis rəisi Brayan Harvi vurğulayıb ki, hücum edən şəxs hadisə yerində olan polis tərəfindən zərərsizləşdirilib.
***
ABŞ-ın Texas ştatının Allen şəhərində ticarət mərkəzində atışma nəticəsində bir neçə nəfər ölüb.
Bu barədə xəbəri CNN polis və yerli administrasiyanın məlumatlarına istinadən yayıb. Bildirilir ki, hadisə “Allen Premium Outlets” ticarət mərkəzində baş verib. Şahidlərdən biri binada 30-a yaxın atəş səsi eşidildiyini, bundan sonra təcili təxliyə təşkil edildiyini deyib.
Hüquq-mühafizə orqanlarının ilkin məlumatlarına görə, insident zamanı 8 nəfər həlak olub, onların arasında uşaqlar da ola bilər. Qeyd edilir ki, onlardan 6-sı hadisə yerində, ikisi xəstəxanaya aparılakən ölüb. Atışma zamanı azı səkkiz nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıb.
Polis bölməsinin məlumatında bildirilir ki, kütləvi atışmada şübhəli bilinən şəxs eyni ticarət mərkəzində ölü tapılıb.
***
ABŞ-ın Texas ştatının Allen şəhərindəki ticarət mərkəzində atışma baş verib, bir neçə nəfər yaralanıb.
ABŞ KİV-lərinin yaydığı məlumata görə, zərərçəkənlərin sağlamlıq durumu barədə məlumat verilmir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Polis vətəndaşlardan hadisə yerinə yaxınlaşmamağı xahiş edib. Qeyd edilir ki, atəş açan şəxs zərərsizləşdirilib.