BAKI, 5 may — Sputnik. "Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023" tədbirinin rəsmi açılış mərasiminin keçiriləcəyi tarix məlum olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, tədbirin rəsmi açılış mərasimi mayın 12-də keçiriləcək.
Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib.
Mayın 9-11-də isə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.
Budəfəki "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər.
Xatırladaq ki, ötən ilin may ayının 5-də Şuşada "Xarıbülbül" beşinci beynəlxalq musiqi festivalı keçirilib. Festivalın əsnəbi iştirakçıları öz ölkələrinin folklorunu, xalq musiqisinin digər müasir musiqi janrları ilə sintezini təqdim ediblər. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.