BAKI, 4 may — Sputnik. Kiyev rejiminin etdiyi hər şeyin arxasında ona mütləq cəzasızlıq hissi aşılayan onun amerikalı, qərbli kuratorları dayanırlar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Kiyev rejiminin etdiyi hər şeyə görə onun Vaşinqton, London və qərbdəki digər kuratorları məsuliyyət daşıyırlar. Onlar Ukraynada qanuni hökuməti dağıtdılar, avantüristləri və quldurları rəhbərliyə keçirdilər, onları pul və silahla təmin etdilər, ruhlandırdılar. Mütləq ixtiyar və cəzasızlıq hissi, siyasi örtük və hərbi müşayiət ilə təmin edildi", - deyə o, Telegram kanalında yazıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.