BAKI, 4 may — Sputnik. Sudandakı 26 Azərbaycan vətəndaşı Türkiyənin dəstəyi ilə təxliyə olunub.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bunadək Türkiyə Sudandan 2061 nəfəri təxliyə edib. Onlardan 1763-ü Türkiyə, 298-i 22 fərqli ölkənin, 26-sı isə Azərbaycan vətəndaşlarıdır.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sudan Respublikasındakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə səyahət etməməyi, ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları, habelə vətəndaşlarımıza bu ölkəyə səyahətdən çəkinmələrini tövsiyə edib.
Xatırladaq ki, aprelin 15-də Merove və Xartum şəhərlərində xüsusi təyinatlı qüvvələrlə Sudan ordusu arasında toqquşmalar başlayıb. BMT yaxın günlərdə 270 min insanın qonşu ölkələrə, əsasən də Çad və ya Cənubi Sudana sığınacağını proqnozlaşdırır.