NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bazarında diqqətlər FED-in faiz qərarına yönəlib - Qiymət düşür

Bu gün ABŞ Mərkəzi Bankının (FED) faizləri qaldıracağı gözlənilir.
Sputnik
BAKI, 3 may — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,07 dollar azalaraq 75,25 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,12 dollar ucuzlaşaraq 71,54 dollar təşkil edib.
Dünya bazarında Azərbaycan neftinin ("Azeri Light") bir barelinin qiyməti 4,76 dollar azalaraq 79,04 dollar olub.
Qeyd edək ki, ABŞ Mərkəzi Bankının (FED) faiz qərarı öncəsi neft ucuzlaşıb. FED-in faizləri qaldıracağı gözlənilir.
Digər tərəfdən, dünyanın ən böyük neft idxalçısı olan Çində COVID-19 sonrası iqtisadi bərpa yavaşlamağa başlayıb, gözləniləndən daha zəif ticarət məlumatları neft bazarlarına mənfi təsir edib.
Faiz dərəcələrinin qaldırılması və iqtisadi artımın pisləşməsi gözləntiləri neftə tələbin azala biləcəyi ilə bağlı narahatlıqları artırıb. İndi bütün diqqətlər FED-in çərşənbə günü keçiriləcək iclasının nəticələrinə yönəlib.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.