CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: Lənkəranın Sütəmurdov kəndindən keçən yol Stalinqrad döyüşünü xatırladır

Rüfət Quliyevin sözlərinə görə, ayda bir neçə dəfə o yolda qəzalardan tələfatlar olur. Mən dəfələrlə xahiş etmişəm ki, radarlar qoyulsun. Düzdür, yola işıqforlar qoyublar. Amma yenə də yolda avtomobillər sürətlə sürülür, qəzalar olur.
Sputnik
BAKI, 2 may - Sputnik. “Bu gün fəxr edirik ki, Azərbaycanda böyük işlər görülür. Azərbaycanın avtomobil yolları da dünyada birincilər sırasındadır. Lakin Lənkəranın Sütəmurdov kəndindən keçən magistral yol Stalinqrad döyüşünü xatırladır”.
Bunu bu gün Milli Məclisin plenar iclasında deputat Rüfət Quliyev bildirib.
Rüfət Quliyevin sözlərinə görə, ayda bir neçə dəfə o yolda qəzalardan tələfatlar olur: “Mən dəfələrlə xahiş etmişəm ki, radarlar qoyulsun. Düzdür, yola işıqforlar qoyublar. Amma yenə də yolda avtomobillər sürətlə sürülür, qəzalar olur. Bir həftə əvvəl də orada iki uşağı avtomobil vurub, reanimasiyadadır. Radar olmasa, insanların yenə qəzaya düşməsi davam edəcək. Bu gün yəqin ki, daxili işlər nazirinə də məktub yazacam ki, o yola radar qoyulsun, insanların canı qurtarsın”.
Deputat mənzil tikintisi zamanı fırıldaqla məşğul olan şirkətlər barədə də danışıb: “Onlardan biri "Bakı İnşaat" MMC-dir. İnsanların pullarını alıblar, 4-5 aydır, mənzillərin təhvil verilməsini gecikdirirlər. Bu şirkətin rəhbəri Zahir Əsgərovdur. Mənim köməkçim onunla əlaqə saxlamaq istəyir, yayınır. Belə şirkətlərə qarşı müvafiq tədbirlər görülməlidir”.
“Fəxr ediləsi haldır ki, ölkəmizdə tikinti işləri yüksək səviyyədə davam edir. Lakin təəssüf ki, hələ də fırıldaqçılıqla məşğul olan tikinti şirkətləri var. Vətəndaşlardan pulu alıb, onları aldadaraq yubadırlar”, - deyə o əlavə edib.