İQTİSADİYYAT

"Trendyol"la PAŞA Holdinq arasında müqavilə imzalandı: Karqo şirkətlər iflasa uğraya bilər

İKT üzrə ekspert Osman Gündüzün sözlərinə görə, Trendyol-a istiqamətlənən onlarla yerli, kiçik karqo şirkətləri üçün rəqabət çox çətinləşəcək.
Sputnik
BAKI, 1 may — Sputnik. Ötən gün Türkiyənin ən böyük e-ticarət platformalarından biri olan Trendyol, PAŞA Holdinq ilə Azərbaycan bazarında işləmək üçün tərəfdaşlıq müqaviləsi imzalayıb. Beləcə, elektron ticarət sahəsində fəaliyyət göstərən Trendyol Azərbaycan bazarına daxil olur. Trendyol və PAŞA Holdinq arasında imzalanan müqavilə ilə Azərbaycan bazarında elektron ticarət sektorunda fəaliyyət göstərəcək müştərək şirkət yaradılacaq.
Bəs görəsən Trendyol-un Azərbaycana gəlişi, Trendyol və PAŞA Holdinq arasında anlaşma Azərbaycan e-ticarət ekosisteminə necə təsir edəcək? PAŞA Holdinq e-ticarət platformasında hökmran mövqeyə sahib olacaqmı?
Bu sualları İKT üzrə ekspert Osman Gündüz cavablandırıb.
O, bildirib ki, Trendyol-un Azərbaycana gəlişi çoxdan gözlənilirdi, amma PAŞA Holdinqlə anlaşma çərçivəsində gəlişi bir az gözlənilməz olub.
Ekspert bildirib ki, Trendyol kimi nəhəng, bazar təcrübəsi olan və məşhur bir e-ticarət platformasının Azərbaycan bazarına daxil olması ekosistemin inkişafı baxımından, yeni e-ticarət mədəniyyətinin formalaşması, xidmətlərin daha sürətli əldə edilməsi baxımında, eləcə də innovasiyaların, texnologiyaların tətbiqi, əlçatanlıq, daha rahat alış- veriş şəraiti, müştəri loyallığı və güvənlik baxımından müsbət addım olaraq dəyərləndirilə bilər.
"Amma yalnız Trendyol-a istiqamətlənən onlarla yerli, kiçik karqo şirkətlərimiz üçün rəqabət çox çətinləşəcək. Güman etmək olar ki, onların çoxu, digər bazarlara çıxış imkanı qazanmasalar rəqabətə tab gətirməyəcək və bağlanmaq təhlükəsi ilə üzləşə biləcəklər. Xatırladıram ki, son iki-üç ildə bu tip karqo şirkətlərin sayı 200-ə çatmışdı. Əslində, digər xidmətlər təqdim etməyən, yalnız "aralıq" funksiyası göstərən bu tip şirkətlərin nə zamansa təhlükə ilə üzləşəcəyi proqnozlaşdırılan idi" , - O. Gündüz bildirib.
Ekspert onu da əlavə edib ki, nisbətən böyük karqo şirkətlərimiz, Trendyol-dan fərqli olan mağaza və platformalar üzərindən də xidmət göstərən, dəyişikliyə uyğunlaşmaqla, yeni bazarlar əldə etməklə və innovasiyaları genişləndirməklə rəqabətə davam gətirə biləcəklər.
Onun sözlərinə görə, PAŞA Holdinqin bu şirkətlərlə münasibəti və çatdırılma sahəsində əməkdaşlıq da bu karqo şirkətlərin gələcək taleyində mühüm rol oynayacaq.
Ekspertin fikrincə, e-ticarət ekosistemində PAŞA Holdinqin , onun e-ticarət platforması olan Umico-nun xüsusi çəkisi artacaq. Beləcə PAŞA Holdinq bu bazarda nəhəng oyunçuya çevriləcək:
"Güman ki, Trendyol üzərindən bütün alış-veriş əməliyyatların ödəniş sistemi PAŞA Bankın ödəniş sistemi ilə reallaşacaq. PAŞA Holdinq və Trendyol anlaşmalarının Umico-nun güclənməsinə xidmət edəcəyi şəksizdir. Çatdırılma infrastrukturu olan Umico daha geniş müştəri bazası əldə edə biləcək.
O.Gündüz hesab edir ki, bu baxımdan yerli e-ticarət qurumları üçün də risklər qaçılmaz ola bilər.
PAŞA Holdinqin son zamanlar yeni ödəniş sistemləri formalaşdırdığını da xatırladan ekspert güman edir ki, "Trendyol Yemək" və s. servislər də yaxınlarda Azərbaycan bazarına daxil olacaq.
"Qısası, bu cür davam etsə, PAŞA Holdinqin Azərbaycanın karqo, fintex və e-ticarət sektorunda hətta hökmran mövqeyə sahib olacağı gözləniləndir. Belə olan halda isə bu Holdinq antiinhisar qanunvericiliyin perimetrinə daxil olacaq", - deyə ekspert bildirib.
O.Gündüz onu da əlavə edib ki, bu sövdələşməyə Antiinhisar Dövlət Xidmətinin də münasibəti maraqlıdır.
O ki, qaldı Trendyol-un gəlişindən sonra Azərbaycan vətəndaşları üçün qiymətlərin necə olacağına, ekspertin sözlərinə görə, anlaşmanı imzalayan PAŞA Holdinq rəhbəri Cəlal Qasımov daha sərfəli qiymətlərin və məhsul çeşidlərinə çıxış imkanlarının olacağını da bildirib.
"Azərbaycan bazarında olan bəzi brendlərin Trendyol vasitəsilə satışında məhdudiyyətlərin olacağını da indidən proqnozlaşdırmaq olar. Ümumiyyətlə, qiymət siyasətinin necə olacağını güman ki, yaxın zamanlarda görəcəyik. Ümid edək ki, daha sərfəli və ağlabatan qiymətlər olacaq", - ekspert əlavə edib.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı bir müddət əvvəl bildirmişdi ki, Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq, Dövlət Xidməti "Trendyol"a qarşı tədbirlər görə bilər. Onun bu açıqlaması böyük rezonansa səbəb olmuşdu.
"Trendyol" la bağlı açıqlama ajiotaja səbəb olduqdan sonra Cavid Süleymanov yenidən açıqlama verərək bildirmişdi ki, səsləndirdiyi tədbirlər hazırda müzakirə edilmir, sadəcə bunlar bu istiqamətdə beynəlxalq praktikada mövcud olan nümunələrdir.
CƏMİYYƏT
Dövlət Xidmətinin "Trendyol"la bağlı "haqsız rəqabət" söhbəti ölkəni silkələdi