BAKI, 30 aprel - Sputnik. Aprelin 30-da Azərbaycan Milli Konservatoriyasında Milli Muğam Müsabiqəsinin qaliblərinin adı açıqlanıb və onlar mükafatlandırılıblar.
Müsabiqə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilib.
Əvvəlcə müsabiqənin münsiflər heyəti təqdim olunub.
Qeyd edilib ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilib. İnstrumental ifaçılıq üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev, Çinarə Heydərovadır.
Xanəndəlik üzrə münsiflər heyətinin sədri, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Qəzənfər Abbasovdur.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək Milli Muğam Müsabiqəsinin əhəmiyyətindən danışıb. Müsabiqənin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib. Bütün qalibləri təbrik edən Xalq artisti onlara uğurlar arzulayıb.
Münsiflərin yekdil rəyinə əsasən xanəndəlik üzrə müsabiqəsində birinci yerə Mirəli Sarızadə layiq görülüb. Xəyal Hüseynov 2-ci, Zümrüd Məmmədova və Daşqın Kürçaylı isə 3-cü yerləri tutublar.
İnstrumental ifaçılıq kateqoriyasında isə birinci yerə Vaqif Təhməzov, 2-ci yerə Cahandar Mikayılov, 3-cü yerlərə isə Bayraməli Əliyev və Soltan Nadirov layiq görülüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.