BAKI, 30 aprel - Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan islahatların davamı olaraq, cari il fevralın 4-də Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentdə ilk dəfə Milli Məclis Aparatının hüquqşünas ixtisası üzrə vakant dövlət qulluğu vəzifələrinə qəbul ilə əlaqədar müsabiqə elan edilib.
MM-dən verilən xəbərə görə, müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarətdir.
Aprelin 29-da Milli Məclisin inzibati binasında müsabiqənin birinci mərhələsi üzrə yazılı imtahan keçirilib. İmtahandan əvvəl Parlament Aparatının rəhbəri Fərid Hacıyev Milli Məclis sədrinin adından namizədləri salamlayıb, onlara uğurlar arzulayıb. 3 qrup şəklində keçirilmiş imtahanda hüquqşünas ixtisası üzrə ali təhsilə malik olan və sənədlərini bu il martın 3-dək müvafiq qaydada təqdim etmiş 364 namizəd iştirak edib.
Yazılı imtahan mərhələsində iddiaçıların nəzəri bilikləri və Azərbaycan Respublikasının qanunvericiliyinə bələdliyi yoxlanılacaq.
İmtahanın nəticələri və müsabiqənin növbəti mərhələsi barədə əlavə məlumat veriləcək.