BAKI, 29 aprel — Sputnik. Aprelin 29-da Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndi ərazisindəki insan tələfatı ilə nəticələnən mina partlayışının bəzi təfərrüatları məlum olub.
"Report"un əldə etdiyi məlumata əsasən, olay Talış kəndində qeydə alınıb. Hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub.
"RPS Energy Ltd." şirkətinin əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıb. Hərəkətdə olan avtomobil şahmat üsulu ilə basdırılan minalardan birinə toxunub. Bu zaman baş verən partlayış zamanı avtomobil yoldan kənara düşüb.
Partlayan TM62 PM-nin markalı tank əleyhinə mina olduğu ehtimal olunur.
Partlayış nəticəsində həlak olanlar "RPS Energy Ltd." şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevdir.
Faktla bağlı cinayət işi başlanıb.