BAKI, 29 aprel - Sputnik. Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı münaqişə başlayandan bəri 400-dən çox dinc sakin həlak olub, 2 mindən çox insan isə yaralanıb.
Al Arabiya telekanalının məlumatına əsasən, bu, Sudan həkimlərinin həmkarlar ittifaqının bəyanatında yer alıb.
“Ölkədə hərbi əməliyyatlar başlayandan bəri 411 dinc sakin həlak olub, 2 min 23 nəfər xəsarət alıb”, - deyə məlumatda bildirilir.
Bəyanatda, həmçinin qeyd olunur ki, silahlı toqquşmaların getdiyi rayonlarda yerləşən 86 xəstəxanadan 61-i fəaliyyətini tam dayandırıb. Bundan başqa, 15 tibb müəssisəsi bombardmana məruz qalıb, 19 xəstəxananın personalı isə tam heyətdə təxliyə edilib.
Xatırladaq ki, aprelin 15-də Merove və Xartum şəhərlərində xüsusi təyinatlı qüvvələrlə Sudan ordusu arasında toqquşmalar başlayıb. BMT yaxın günlərdə 270 min insanın qonşu ölkələrə, əsasən də Çad və ya Cənubi Sudana sığınacağını proqnozlaşdırır.