BAKI, 28 aprel — Sputnik. Ukrayna silahlı qüvvələrinin pilotsuz təyyarələrinin aprelin 12-də baş tutan hücumundan sonra Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) turbin zalının zərər görmüş pəncərələri təmir edilib.
Bu barədə "TASS" "Rosenergoatom" şirkətinin baş direktorunun müşaviri Renat Karçaaya istinadən xəbər verib.
"Pəncərələr təmir olunub: onları bəzi yerlərdə şüşə ilə, bəzilərində isə taxta lövhələrlə ilə örtüblər" – deyə o bildirib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Zaporojye AES-in dördüncü enerji blokunun turbin zalının şüşələri zədələndiyi bildirilmişdi.
Aprelin 10-da ZAES yaxınlığında Ukraynaya məxsus pilotsuz təyyarənin düşməsi məlum olub. Rusiya təhlükəsizlik rəsmilərinin fikrincə, bu PUA-nın stansiyaya zərbə endirməsi təkcə Ukrayna və Rusiya Federasiyasına deyil, bəzi Avropa dövlətlərinin ərazisinə də təsir edəcək texnogen fəlakətə səbəb ola bilərdi.
Renat Karçaa daha əvvəl Zaporojye AES-in 2030-cu ilə qədər tamamilə Rusiya Federasiyasının standartlarına keçəcəyini bildirmişdi.