BAKI, 28 aprel — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə parlamentinə yerli istehsallı “Togg” avtomobili ilə gedib. “Anadolu” agentliyinin məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Türk Dövlətləri Parlament Assembleyasının nümayəndələrini parlamentə “Togg”la aparıb.
Milli Məclis sədri avtomobildən razı olduğunu bildirib, o qeyd edib ki, bu, çox gözəl, çox rahatdır: "Bu avtomobildən Prezident İlham Əliyevə də hədiyyə verilib. İnşallah, bu maşınlar Azərbaycanda da olacaq”.
M.Şəntop isə öz növbəsində vurğulayıb ki, “Togg” yaxın gələcəkdə hər yerdə olacaq: “Türk dövlətləri başda olmaqla, bütün dost və qardaş ölkələrdə, bir sözlə, hər yerdə ən qısa zamanda “Togg”dan istifadə olunacaq”.
Qeyd edək ki, 2022-ci il oktyabrın 29-da təqdimatı keçirilən Türkiyənin milli istehsalı olan “Togg” elektromobilinin ilk sifarişçilərindən biri də dövlətimizin başçısı olub. Ötən il noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti zamanı dövlətimizin başçısı Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.
Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.
2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.
Xatırladaq ki, ilk yerli elektrik avtomobili “Togg” aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana təqdim olunub.