RUSİYA

Peskov: pilotsuz təyyarələrlə bağlı suallara dair tapşırıqlar veriləcək

Rusiya 2026-cı ilə qədər hər il 18 min, 2030-cu ilə qədər isə 32 min pilotsuz uçuş aparatı istehsal etməyi planlaşdırır.
Sputnik
BAKI, 28 aprel — Sputnik. Rusiya prezidentinin mətbuat katibi pilotsuz təyyarələrlə bağlı təlimatların siyahısının hazırlanacağını bildirib.
Bu barədə "RİA Novosti" yazır.
Kreml sözçüsü bildirib ki, prezident dünən axşam pilotsuz təyyarələrlə bağlı məsələlərlə məşğul olub və görüşlər keçirilib.
"Moskvanın sənaye mərkəzində işləyən şirkətlərlə görüş oldu, sonra hökumətlə də eyni mövzuda görüş keçirildi. Görüşlər gecə yarısı bitdi. Təlimatların siyahısı tərtib olunacaq. Əslində biz iqtisadiyyatımızda yeni sənayenin yaradılmasından danışırıq", - deyə Peskov bildirib.
Qarşıdan gələn milli layihəyə Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov rəhbərlik edir.
Daha əvvəl Belousov bildirmişdi ki, Rusiya 2026-cı ilə qədər hər il 18 min, 2030-cu ilə qədər isə 32 min pilotsuz uçuş aparatı istehsal etməyi planlaşdırır.
Xatırladaq ki, bir gün əvvəl Vladimir Putin Pilotsuz Uçuş Sistemləri üzrə Federal Mərkəzin yaradıldığı yeni "Rudnyovo" sənaye parkına baş çəkib. Prezident bildirib ki, pilotsuz sənaye çox perspektivlidir, gələcəkdə ona qoyulan investisiyaların həcmi bir trilyon rubla çata bilər.