BAKI, 28 aprel — Sputnik. 2022-ci ildə Azərbaycanın Avropa qaz bazarında payı artıb.
Bu barədə Dünya Bankının hesabatında əks olunan məlumata görə, Azərbaycanın Avropa qaz bazarında payı 2021-ci ildəki 4,9%-dən 2022-ci ildə 6,9%-ə yüksəlib.
Dünya Bankı qeyd edib ki, Azərbaycanla yanaşı, ABŞ, Qatar və Norveçin də Avropa bazarında payı artıb. ABŞ-nin payı 8%-dən 17,4%-ə kimi, Qatarın payı 6,8%-dən 7,4%-ə, Norveçin payı isə 9%-dən 12,5%-ə kimi artıb. Digər ölkələrin payı isə 23,7%-dən 25,3%-ə yüksəlib. Buna səbəb isə ötən il Ukrayna ilə müharibə səbəbindən Rusiya qazına tətbiq edilən sanksiyalar olub. Belə ki, Rusiya Avropa bazarındakı payı 34,1%-dən 19,5%-ə kimi azalıb. Rusiya ilə yanaşı, Əlcəzair də bazar payını nisbətən itirib. Nəticədə bazar payı 20,2%-dən 18,5%-ə enib (APA).
Xatırladaq ki, Azərbaycan 2023-cü ilin birinci rübündə qaz hasilatını 3% artıraraq 12,2 milyard kubmetrə çatdırıb. Eyni zamanda, hasil edilən mavi yanacağın yarıdan çoxu və ya 6,5 milyard kubmetri beynəlxalq bazarlara çıxarılıb.