BAKI, 27 aprel — Sputnik. Dünya bazarlarında neft qiymətləri dünənki kəskin ucuzlaşmadan sonra nisbətən yüksəlib. "Brent" markalı neftin dəyəri 0,24% artaraq 1 barelə görə 77,91 dollar təşkil edib. "WTI" markalı neftin 1 barelinin qiyməti 0,12% artaraq 74,39 dollara bərabər olub.
Azərbaycan neftinin (“Azeri Light”) 1 barelə olan qiyməti isə 0,38 dollar və ya 0,45% azalaraq 84,02 dollar təşkil edib.
Qeyd edək ki, dünən "Brent" markalı neftin qiyməti bu il martın 31-dən bəri ilk dəfə bir barel üçün 78 ABŞ dollarına düşüb. Qlobal bazarlar bu həftə iqtisadi tənəzzül ehtimalını dəyərləndirir. İndekslərin azalması neftin qiymətinə də təsir edir. Neft qiymətləri son günlər iqtisadi tənəzzül riski ilə bağlı dəyər itirməkdədir.
Çin və ABŞ təsiri
Çində gözlənilən iqtisadi artım və neft ixrac edən ölkələrdə hasilatın azaldılması bu ay qiymətlərin artmasına səbəb olub. Ancaq Çində iqtisadi təşviqlərin sona çatacağı xəbəri neftə mənfi təsir edib, çünki dəstək azalarsa, artım da yavaşlayacaq.
ABŞ-da neft ehtiyatlarının azalmasına baxmayaraq, FED-in faizləri artıracağı ehtimalı qiymətlərə aşağıyönlü təsir göstərir.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.