"Birincisi, Azərbaycanın atdığı birtərəfli addıma gəldikdə, öz konstitusiyasına uyğun olaraq, öz ərazisində addım atıb. Bu addımından iki il yarım öncə hər kəsə problemin mahiyyətini deyib. Bu illər ərzində Fransa bir dəfə də olsun Ermənistana çağırış etməyib. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına gəldikdə isə, bayaq dediyimiz o 3 istiqamət üzrə Laçın yolu hər zaman açıqdır", - nazir vurğulayıb.
"Bu çağırış 2020-ci ilin yanvarında cənab Prezident tərəfindən edilib. Sülh sazişi istiqamətində növbəti addımlar da məhz bizim tərəfimizdən edilib. Biz təbii ki, bütün vasitəçilərə öz təşəkkürümüzü bildiririk. Ən azından, bunlardan sonra Ermənistan yenidən prosesə döndüyünü bəyan edib. Növbəti danışıqların keçirilməsi prosesin çox önəmli növbəti mərhələsi və addımıdır. Biz bu prosesi dəstəkləyirik, alqışlayırıq. Azərbaycan sülh prosesində iştirak edəcək, irəli aparılması üçün əlindən gələni etməyə hazırdır", - nazir qeyd edib.
"Vətən müharibəsinə qədər danışıqlar prosesinin vasitəçilərinin çağırışlarla Ermənistana təzyiq edəcəyi ilə bağlı Azərbaycanın müəyyən gözləntisi var idi. Uzunmüddətli gözləntilər sonradan məyusluğa çevrildi. Bizim tərəfimizdən qaldırılan məsələlərin cavabı həmişə o idi ki, siz bizi başa düşməlisiniz, bizim vasitəçi rolumuz və funksiyamız var, biz bir çərçivə yaratmalı və Ermənistanı Azərbaycanla danışıqlara və birbaşa təmaslara təşviq etməliyik, bunun nəticəsində də sülhə nail olmalıyıq. Yəni, təcavüz edən ölkə ilə təcavüzə məruz qalan ölkə arasında, bir növ, bərabərlik işarəsi qoyulurdu. Bütün bunlara baxmayaraq, Azərbaycan bu məsələsə təmkinlə yanaşırdı. Amma bu gün biz bir sıra hallarda fərqli davranışları görürük", - nazir əlavə edib.