DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ bəzi malların Rusiya ərazisindən tranzitinə qadağa qoya bilər

Söhbət çoxsaylı texnologiyalardan və digər mallardan, o cümlədən bir neçə nəqliyyat növündən gedir.
Sputnik
BAKI, 27 aprel — Sputnik. Avropa İttifaqı bəzi malların Rusiya ərazisindən tranzitinə qadağa qoya bilər.
Bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər verir.
Məhdudiyyətin yeni sanksiyalar paketinin bir hissəsi kimi tətbiq edilməsi təklif edilir.
"Tranzit qadağası çoxsaylı texnologiyalara və digər mallara, o cümlədən bir neçə növ nəqliyyat vasitələrinə şamil olunacaq. Yeni sanksiyaların "Rosatom" dövlət korporasiyasına təsir göstərməsi ehtimalı azdır, çünki Aİ-də bu məsələ ilə bağlı konsensus yoxdur", - deyə nəşr yazır.
Macarıstanın xarici işlər naziri Peter Siyyartonun əvvəllər dediyi kimi, Budapeşt heç vaxt "Rosatom"a qarşı məhdudiyyətlərin tətbiqinə razı olmayacaq, çünki bu, ölkənin enerji təhlükəsizliyini təhdid edəcək. Onun sözlərinə görə, bu məhdudiyyətləri də nüvə enerjisindən istifadə edən Avropa ölkələri də dəstəkləmir.
Qeyd edək ki, ötən ilin fevralından Aİ Ukraynada keçirilən xüsusi əməliyyatla əlaqədar Rusiyaya qarşı on paket müxtəlif sanksiyalar tətbiq edib ki, bu da sonradan Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub.
Prezident Vladimir Putin vurğulayıb ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.