CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən İranın aldığı yol vergisi azaldılıb

Artıq Azərbaycan daşıyıcıları İrana və İrandan təhlükəli yüklərin daşınmasını həyata keçirərkən 520 ABŞ dolları deyil, 175 ABŞ dolları ödəyirlər.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən İran tərəfinin təhlükəli yüklərin daşınmasına görə aldığı yol vergisinin məbləği 320 ABŞ dolları, digər xərclər isə 25 ABŞ dolları azaldılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, artıq Azərbaycan daşıyıcıları İrana və İrandan təhlükəli yüklərin daşınmasını həyata keçirərkən 520 ABŞ dolları deyil, 175 ABŞ dolları ödəyirlər.
Həmçinin ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə verginin məbləğinin 38 tondan deyil, 41 tondan sonra hesablanması təsdiqlənib. Yüksüz maşınlar üçün rüsumun məbləği isə 105 ABŞ dollarından 85 ABŞ dollarına endirilib.
Razılaşdırılmış azadolmalar 2023-cü ilin aprel ayından etibarən tətbiq edilir.
Qeyd edək ki, tətbiq edilən azadolmalar nəticəsində bu istiqamətdə beynəlxalq avtomobil daşımalarını həyata keçirən milli daşıyıcıların xərcləri təxminən 3 dəfəyə qədər azalır. Bu da daşıyıcıların maliyyə vəziyyətinin yaxşılaşmasına və avtomobil nəqliyyatı parkının sürətli yenilənməsinə ciddi töhfə verəcək.