BAKI, 25 aprel — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada İran, Suriya və Türkiyənin hərbi idarələrinin rəhbərləri ilə ikitərəfli danışıqlar aparıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu il aprelin 25-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Moskvaya gələn İran, Suriya və Türkiyənin hərbi idarələrinin rəhbərləri ilə bir sıra ikitərəfli danışıqlar aparıb. Görüşlərdə ikitərəfli əməkdaşlığın aktual məsələləri, eləcə də qlobal və regional təhlükəsizliyin təmin edilməsinin müxtəlif aspektləri müzakirə edilib", - məlumatda deyilir.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Suriya üzrə yol xəritəsində Rusiya, Suriya, İran və Türkiyə liderlərinin görüşü nəzərdə tutulub. Onun sözlərinə görə, dörd ölkənin müdafiə nazirləri, kəşfiyyat xidmətləri və xarici işlər nazirlikləri arasında danışıqlar mərhələli şəkildə aparılacaq. Müzakirələr zamanı sammitə hazırlıq işləri də aparılacaq.