SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisin İntizam Komissiyası deputat Vahid Əhmədovla bağlı məsələni müzakirə edəcək

Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər Milli Məclisin bu gün geçirilən iclasında sərt tənqid olunub.
Sputnik
BAKI, 25 aprel - Sputnik. Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirləri ilə bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq.
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bununla bağlı tapşırıq verib.
“İntizam Komissiyası bu məsələ ilə məşğul olsun”, - deyə S.Qafarova bildirib.
Qeyd edək ki, deputatlar Vahid Əhmədovun fikirlərini sərt tənqid edib və məsələyə İntizam Komissiyasında baxılmasını istəyiblər.
Xatırladaq ki, deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər Milli Məclisin bu gün geçirilən iclasında sərt tənqid olunub.
Deputat Kamran Bayramov bildirib ki, Vahid Əhmədovun müsahibə zamanı səsləndirdiyi ifadələr hiddət doğurur. “Bu fikirləri Vahid müəllimə yaraşdırmadım. Vahid müəllim Azərbaycanda keçirilən demokratik seçkiləri şübhə altına alır. Əgər onun əlində faktları varsa, qoy təqdim etsin, ancaq edə bilmirsə, onun bu cür fikirlər səsləndirməsi əsassızdır. Onun fikirləri deputatların nüfuzuna xələl gətirir”, - deyə deputat bildirib.
Deputat Elşən Musayev da qeyd edib ki, Vahid Əhmədovun fikirləri qərəzli xarakter daşıyır. “Bu insan töhmətə layiqdir. Xahiş edirəm Milli Məclisin İntizam komissiyasında bu məsələyə baxılsın”, - deyə deputat vurğulayıb.
Digər deputatlar da Vahid Əhmədovun fikirlərini sərt tənqid ediblər. Bildirilib ki, Vahid Əhmədovun fikirləri xarici qüvvələrin dəyirmanına su tökməkdir.