BAKI, 24 aprel - Sputnik. Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçilik etməkdə davam edir, lakin vəziyyət asan deyil. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi quraşdırmasını şərh edərkən bildirib.
"Bakı və İrəvan isə anlamalıdır ki, nizamlanma üzrə üçtərəfli sazişlərin bütün müddəalarına alternativ yoxdur", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Rusiya iki il əvvəl imzalanmış üçtərəfli sənədlərin bütün müddəalarını həyata keçirmək səylərini davam etdirir.
"Rusiya bunun üzərində həm Yerevan, həm də Bakı ilə birgə fəaliyyətini davam etdirəcək. Biz təmasları davam etdiririk, vəziyyət həqiqətən çətindir, əlavə səylər tələb edir, ən əsası isə qeyd olunan ölkələrin sözügedən sazişlərin həyata keçirilməsinə alternativ olmadığını başa düşməsidir”, - deyə Peskov jurnalistlərə bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.