BAKI, 22 aprel — Sputnik. Rusiyada hansı zəhərli canlılardan qorxmaq lazımdır? Gürzənin görünüşü necədir və sancması halında nə etmək lazımdır?
Bu barədə Tula vilayətinin dövlət mədəniyyət müəssisəsinin metodisti Aleksey Yevsünin "İndi isə diqqət!" portalına izah edərkən bildirib.
Gürzələr adətən 60-65 santimetrdən çox böyümürlər, dərisi dama taxtasına bənzər boz və ya qara ziqzaq naxışları ilə örtülü ola bilər. Onların hamısı şaquli göz bəbəklərinə malikdirlər.
Bu ilanların zəhərinin tərkibinə qan damarlarının keçiriciliyinə, qanın laxtalanmasına təsir edən, dəri toxumaların şişməsinə və ölməsinə səbəb olan komponentlər daxildir.
Gürzələr aqressiv olmurlar və yalnız zəruri hallarda sancırlar. Məsələn, onları tapdalayanda sancma ehtimalı olur. Bu növ ilanların sacması təhlükəli hesab olunur, lakin çox nadir hallarda ölümlə nəticələnir.
İlan sancması halında, zədələnmiş əl-ayaqların minimal hərəkətliliyi, daha yaxşısı tam hərəkətsizliyi təmin edilməlidir. Əgər ilan əli sancıbsa, ondan bütün zinət əşyalarını (üzüklər, saatlar, bilərziklər və s.) çıxarmaq lazımdır. Çünki zədələnmiş əl çox şişməyə başlayır.
Həmçinin, mümkün allergik reaksiyaları aradan qaldırmaq üçün antihistamin preparatları qəbul etmək və bol su içmək lazımdır. Burada tünd çay da yaxşı kömək edir.
Bu vəziyyətdə jqut tətbiq etmək qəti qadağandır. Bu, amputasiyaya qədər çox ciddi nəticələrə səbəb ola bilər.
Sancılmış yeri yandırmayın. Zəhəri məhv edə bilməyəcəksiniz, ancaq ikinci və ya üçüncü dərəcəli yanığın olmasına gətirib çıxara biləcəksiniz.
Spirtli içkilər və aspirin tərkibli dərmanlar qəbul etmək də qadağandır.